18.09.2021
18 Sentyabr 2021-ci il tarixində, Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam Rayon Heydər Əliyev Mərkəzi və Ağdam Rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun həyat və yaradıcılığına həsr olunmuş " Dahi Azərbaycan Bəstəkarı Üzeyir Hacıbəyov " adlı onlayn görüş keçirilmişdir.
Əvvəlcə, 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra, növbə ilə çıxış edən Mədəniyyət işçiləri dahi bəstəkar Üzeyir bəy Hacıbəyovun həyatı və yaradıcılığı haqda məlumatlar vermiş, onun Azərbaycanın ilk peşəkar bəstəkarı olmaqlı yanaşı, həm də şərqdə ilk operanın əsasını qoyan şəxs olmasını vurğulamışlar. Onun yazdığı "Leyli və Məcnun" operası haqda fikirlər yürüdülmüş, bəstəkarın bu operada həm Avropa, həm də Azərbaycan musiqisini peşəkarcasına bir araya gətirməsindən danışılmışdır. Bəstəkarın klassik şairlərimizin əsərlərinə müraciət etməsinə də toxunulmuş, "Leyli və Məcnun" operasında Məhəmməd Füzulidən, "Sənsiz" romansında isə Nizami Gəncəvidən istifadə etməsinin böyük bəstəkarın klassiklərimizə verdiyi dəyər olduğu bildirilmişdir. Tədbir iştirakçıları, çıxışlarında bu günün bayram günü kimi qeyd olunmasının Ulu Öndər Heydər Əliyevin fərmanı ilə, 1995-ci ildən keçirilməyə başlanmasını vurğulamış, Ulu Öndərin hər sahədə olduğu kimi, mədəniyyət sahəsinə də daima diqqət ayırdığını bildirmişlər.