07.11.2019
07 noyabr 2019-cu il tarixdə, Ağcabədi rayonunda Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Gənclər üçün Təhsil Mərkəzi və Ağcabədi Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Gənclərin 2-ci Yaradıcılıq “Xarı Bülbül” festivalı keçirilmişdir. Festivalda Gənclər üçün Təhsil Mərkəzinin, Ağcabədi rayon İcra Hakimiyyətinin əməkdaşları, Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi Rza Quluyev və mədəniyyət müəssisələri işçiləri və rayon ərazisində yerləşən “N” saylı hərbi hissənin bir qrup əsgər və zabit heyəti iştirak etmişdir. Saat 11-00 – başlayan festivalın rəsmi hissəsində Gənclər üçün Təhsil Mərkəzi Qarabağ Regional Ofisinin rəhbəri Radə Telmanqızı və Ağcabədi rayon İcra Hakiyyətinin əməkdaşı Vüsalə Məmmədova çıxış edərək layihənin şərtlərindən olduqca məmnun qaldıqlarını dilə gətirmiş və festival iştirakçılarına uğurlar arzu etmişlər. Gənclərin 2-ci Yaradıcılıq “Xarı Bülbül” festivalının məqsədindən söz açan natiqlər Qarabağ mədəni incilərinin təbliğ olunması, gənclərin yaradıcılıq bacarıqlarının üzə çıxarılması və artırılmasına kömək etmək, gənclərdə yaradıcılığıa maraq oyatmaq və gənclərin yaradıcı ideyalarla çıxış etmələrinə şərait yaratmaq mövzusunda ərtaflı danışmışlar.Daha sonra festivalın bədii hissəsi başlamışdır. Qarabağ Muğam Mərkəzinin səs müəllimi Əhəd Təhməzovun ifa etdiyi “Sevgili canan” romansı, Mərkəzin digər səs müəllimləri – İsa Məmmədov, Həsən Əliyevin oxuduqları “Qarabağ həsrəti” mahnıları, “Həvəskar aktyorluq və bədii qiraət” kursunun üzvləri, Heydər Məmmədov və Egün Quliyevin M.Ə.Sabirin “Əhvalpürsanlıq” dialoq-şeiri, Üzeyir Hacıbəyli adına Ağcabədi Şəhər Uşaq İncəsənət məktəbinin rəqs kollektivinin nümayiş etdirdiyi “Sarı Gəlin” kompozisiyası, Hacıbədəlli kənd Uşaq Musiqi məktəbinin “Bayatı-Folklor” qrupunun üzvlərinin təqdimatında “Qarabağda toy” kompozisiyası, həmin məktəbin öz yetirməsli olan saz ifaçısı Zamin Sərdaroğulunun sazda ifa etdiyi saz havası, Laçın rayonundan - Azərbaycan Aşıqlar Birliyinin üzvləri, aşıq Əbdüləli Axundov, Təbriz Axundov və Tacir Alxanovun oxuduqları el havaları festival iştirakçılarının sürəkli alıqşları ilə qarşılanmışdır. 2 saata yaxın davam edən Musiqili festival bir neçə telekanal tərəfindən lentə alınmışdır.