Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ulu Öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsindən 54 il ötür

14.07.2023

Bu gün Azərbaycan xalqının Ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin birinci dəfə hakimiyyətə gəlməsindən 54 il ötür.

         Azərbaycan KP.MK-nin 14 iyul 1969-cu il tarixli plenumunda Azərbaycan SSR KP.MK-nin birinci katibi vəzifəsinə seçilən Heydər Əliyev bu vəzifəni 13 il yürütmüşdür. Ulu Öndərin 1969-1982-ci illərdəki hakimiyyəti Azərbaycanın siyasi, sosial, iqtisadi və mədəni həyatında intibah dövrü kimi xarakterizə olunur. Ulu Öndər hər zaman elm və mədəniyyət işçiləri ilə görüşür, onların problemləri ilə maraqlanırdı. 1970-1982-ci illərdə Azərbaycan mədəniyyət və elm xadimlərinin 10-dan çox nümayəndəsinə Sosialist Əməyi Qəhrəmanı və digər  fəxri adlar verilmişdi. Mirzə İbrahimov, Süleyman Rəhimov, Süleyman Rüstəm, Rəsul Rza, Fikrət Əmirov, Qara Qarayev, Niyazi, Rəşid Behbudov, Mustafa Topçubaşov, Mikayıl Hüseynov kimi görkəmli Azərbaycan övladları həmin böyük adlara məhz Ulu Öndər Heydər Əliyevin sayəsində layiq görülmüşdülər.

         Onun təşəbbüsü ilə 1976-cı ildə Şuşanın sosial-iqtisadi inkişafı haqqında qərar qəbul edildikdən sonra bu şəhərdə Xan qızı Natəvanın abidəsi ucaldıldı. Bu illərdə Bakıda və başqa şəhərlərdə çoxlu sayda tarix-diyarşünaslıq muzeyləri, Səməd Vurğunun, Cəfər Cabbarlının, Üzeyir Hacıbəyovun, Bülbülün ev-muzeyləri yaradıldı. Məxsusi bir qərarla repressiya qurbanlarının -  Mikayıl Müşfiq və Hüseyn Cavidin ev-muzeyləri yaradıldı.

         Ulu Öndər mədəniyyət sahəsinin bir hissəsi olan teatrlara da xüsusi diqqət yetirir, tamaşalarda və konsert proqramlarında iştirak edir, digər dövlət məmurlarının da hər zaman teatr və konsertlərə getmələrini tələb edirdi.

         Ulu Öndər klassik şairlərimizin ehtiramını  saxlayır və onların adının yaşadılması üçün müxtəlif tədbirlər görürdü. Onun təşəbbüsü ilə 1973-cü ildə böyük şairimiz İmadəddin Nəsiminin 600 illik yubileyi yüksək səviyyədə qeyd olunmuşdu.

         Bu gün Ulu Öndərin layiqli davamçısı - Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev də bu siyasəti davam etdirərək, Azərbaycan mədəniyyətinin inkişafı istiqamətində lazımi tədbirləri davam etdirir. Məhz onun və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sayəsində bir çox mədəniyyət abidələrimiz YUNESKO-nun maddi və mənəvi irs siyahısına salınmışdır. Bu illərdə muğam sənətinin dirçəldilməsi, inkişaf etdirilməsi və beynəlxalq müstəvidə tanıdılması məqsədilə mütəmadi şəkildə yerli və beynəlxalq muğam festivalları keçirilir, bölgələrimizdə yeni muğam mərkəzləri inşa olunur.

ALLAHDAN Ulu Öndərimizə rəhmət diləyirik!