26.02.2019
26 Fevral, 2019-cu il tarixdə Ağcabədi rayonunda 26 Fevral – Xocalı Soyqırımı faciəsinin 27-ci ildönümü münasibətilə ümumrayon Anım tədbiri keçirilmişdir. Anım mərasimi həmin tarixdə saat 11-00 – da Ağcabədi Şəhidlər Xiyabanında baş tutmuşdur. Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyəti rəhbərliyi və aparat işçiləri, Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində olan bütün mədəniyyət müəssisələri, Mərkəzi Kitabxana və kitabxana fililları, musiqi məktəbləri, habelə rayon ziyalıları, təhsil, səhiyyə işçiləri, digər idarə, müəssisə, təşkilat kollektivləri və rayon ərazisində yerləşən “N” saylı hərbi hissədən tədbirə dəvət olunmuş bir qrup əsgər və zabitlər iştirak etmişlər. Anım mərasimi Azərbaycan Dövlət Himinin səslənməsi ilə başlamışdır. Daha sonra Ağcabədi rayon məscidinin axundu Mərdan Rzayev şəhidlərin ruhuna dualar oxumuşdur. Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Heydər Əliyev Mərkəzinin “Həvəskar aktyorluq və bədii qiraət” kursunun üzvləri “Bu dağların qoynunda yaşıl bir kənd varıydı” adlı musiqili ədəbi-bədii şeir kompozisiyası ilə çıxış etmişlər. Daha sonra tədbir iştirakçıları torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin məzarlarını yad etmiş, onların məzarları üzərinə tər çiçəklər düzmüşlər. 10.000 insanın iştirak etdiyi Anım tədbiri 1 saat davam etmişdir.