Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

25 Sentyabr, 2018-ci il tarixdə Ağcabədi rayonunda Üzeyir Hacıbəyli adına X Beynəlxalq Musiqi Festivalı

25.09.2018

25 Sentyabr, 2018-ci il tarixdə Ağcabədi rayonunda Üzeyir Hacıbəyli adına X Beynəlxalq Musiqi Festivalı çərçivəsində Əməkdar Kollektiv – F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblı Ağcabədi rayon Yaqub Məmmədov adına Mədəniyyət Mərkəzində konsert proqramı ilə çıxış etmişdir. Tədbir iştirakçıları ilk öncə Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzinin qarşısında ucaldılmış dahi bəstəkarın büstünün önünə tər çiçəklər düzərək Onun ruhunu ehtiramla yad etmişlər. Tədbirin bədii hissəsi Ağcabədi Mədəniyyət Mərkəzində davametmişdir. Tədbir musiqisi Üzeyir bəyə məxsus olan Azərbaycanın Dövlət Himinin səslənməsi ilə başlamışdır. Tədbirdə çıxış edən Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının müavini, İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Naibə Mustafayeva və Əməkdar Kollektiv - Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının bədii rəhbəri və baş dirijoru, Xalq artisti Ağaverdi Paşayev tamaşaçıları salamlamış, Üzeyir sənətinin, Üzeyir musiqisinin bəşəri və humanist ideyalara köklənmiş ucalığından, əlçatmazlığından, bu musiqinin ölməzliyindən söz açmışlar. Tədbirin musiqili bədii hissəsinə başlayan Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının kollektivi dahi bəstəkarın seçilmiş əsərlərindən ifa etdikləri əsərlərdən – “Koroğlu operasından “Üvertura, “Cəngi”, “Arşın mal alan” operettasından  parçalar, “Leyli və Məcnunu” operasından müxtəlif nümunələr, bəstəkara məxsus romans və lirik mahnılar, rəqs kollektivinin təqdim etdiyi baxımlı rəqs nömrələri, xor kollektivinin ifa etdiyi əsərlər  ağcabədili muğam-musiqi sevərlər tərəfindən sürəkli alqışlarla qarşılanmışdır. İki saata yaxın davam edən musiqili tədbir hər kəsdə xoş ovqat yaratmışdır.