Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağcabədi rayonu, Heydər Əliyev adına Mərkəzi Meydanda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə

29.05.2018

28 May, 2018-ci il tarixdə Ağcabədi rayonu, Heydər Əliyev adına Mərkəzi Meydanda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə təntənəli ümumrayon bayram tədbiri keçirilmişdir. Tədbirdə Ağcabədi rayon rəhbərliyi və onun aparat işçiləri, idarə, müəssisə, təşkilat kollektivləri, Ağcabədi Regional Mədəniyyət İdarəsi və onun tabeliyində olan mədəniyyət müəssisələri və klub filialları, kitabxana kollektivləri, rayon sakinləri və rayon ərazisində yerləşən “N” saylı hərbi hissənin əsgər və zabitləri iştirak etmişlər. İştirakçılar ilk öncə Ulu Öndər Heydər Əliyevin abidəsinin üzərinə tər çiçəklər düzərək onun əziz xatirəsini ehtiramla yad etmişlər. Tədbiri təbrik nitqi ilə açan Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədov əlamətdar bayram günü münasibətilə rayon ictimaiyyətini təbrik etmiş, hər kəsə öz işində uğur və möhkəm can sağlığı arzulamışdır. Natiq öz çıxışında qeyd etmişdir ki, o vaxtdan düz 100  il vaxt keçir. Tarix bizə azadlıq şərbətini də içirdi, başımıza olmazın müsibətini də gətirdi. Fitrətində, yaradılışında əzəldən azadlığa, müstəqilliyə, suverenliyə əbədi bir sevgi olan, sinəsində ürək əvəzinə bütöv bir Azərbaycan gəzdirən  Vətənsevər oğullar zamana, tarixə sübut etdilər ki, biz də varıq, tarixin səhifələrinə Azərbaycan adlı bir dövlət də yazılmalıdır bu gündən. Səmada 23 ay dalğalanan bayrağımız daxili və xarici düşmənlərimiz tərəfindən endirilsə də, o tarixi hadisədən 73 il sonra Azərbaycan xalqının ümummilli Lideri, Ulu Öndər Heydər Əliyev bu bayrağı elə yüksəklərə qaldırdı ki, bu gün bu bayraq dünyanın hər yerindən aydın və parlaq  şəkildə görünür. Və bu gün heç bir qara qüvvə Azərbaycan xalqının azadlığını,  müstəqilliyini onun əlindən ala bilməz. Çıxış bitən kimi bayram münasibətilə rayonun ictimai-siyasi həyatında fəal olan bir qrup şəxsə Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanları və digər qiymətli hədiyyələri təqdim olnumuşdur. Tədbirin bədii hissəsinə başlayan Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Ağcabədi Şəhər Uşaq Musiqi məktəbinin musiqili kollektivi biri-birindən şən, bayram ovqatlı, əsl qələbəliyi tərənnüm edən konsert proqramı ilə çıxış etmişdir. İfa olunan mahnılar, Üzeyir Hacıbəyli adına Ağcabədi Şəhər Uşaq İncəsənət məktəbinin birləşmiş rəqs qruplarının təqdim etdiyi rəngarəng rəqs nömrələri, səslənən şeir kompozisiyaları tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması münasibətilə keçirilən təntənəli bayram tədbiri axşam saatlarına qədər davam etmişdir. Təbdir möhtəşəm atəşfəşanlıqla sona yetmişdir. Bayram tədbirində 7.000 rayon sakini iştirak etmişdir.