Bərdə rayonu Kür-Araz ovalığının şimal-qərb hissəsində yerləşir. Rayonun inzibati mərkəzi Bərdə şəhəri Qarabağ düzünün mərkəzində, Tərtərçay sahilində yerləşir. Tərtər, Xaçın çayları və Yuxarı Qarabağ kanalı bu rayonun ərazisindən keçir, Kür çayı isə sərhəddi boyunca axır. Rayon mərkəzindən 3 km məsafədə, Bərdə-Tərtər yolunun sağ tərəfində bir-birinin yaxınlığında iki göl var. Ağalı deyilən üçüncü göl isə Bərdədən 23 km aralıdadır. Bərdə-Tərtər yolunda Bərdədən 3 km aralıda qaynar kükürdlü su bulağı - İstisu yerləşir. Burada müalicəvi vanna qəbul etmək üçün hər cür şərait var. Muğanlı kəndinin yaxınlığında daha bir mineral su bulağı var. Rayonun bitki örtüyü əsasən quru səhra və yarımsəhra ərazilər üçün spesifik bitkilərdən ibarətdir. Ərazinin 6856 hektarını tutan meşələrdə çinar, palıd, qarağac, qoz və başqa qiymətli ağac növləri bitir. Rayonun faunasında canavar, çaqqal, qaban, dovşan və başqa heyvanlar, turac, qırqovul, qaz, ördək və başqa quşlar üstünlük təşkil edir. Ov mövsümü vaxtı müvafiq orqanlar tərəfindən dovşanların və bəzi quşların ovlanmasına, balıqların isə tilovla tutulmasına icazə verilir. Bərdə rayonunda kənd təsərrüfatı yaxşı inkişaf etmişdir, taxılçılıq (buğda, arpa və s.) heyvandarlıq və pambıqçılıq mühüm yer tutur. Bu yerlərin təbii şəraiti tərəvəz və bostan bitkilərindən yaxşı məhsul almağa imkan verir. Həyətyanı sahələrdə bağçılıq sürətlə inkişaf etməkdədir. Bərdə şəhəri Azərbaycanın ən qədim şəhərlərindən biridir. Rəvayətə görə Bərdənin əsasını qoyan Makedoniyalı İsgəndər olmuşdur. Eramızın əvvəllərindən məşhur olan bu şəhər VI əsrdən etibarən Qafqaz Albaniyasının paytaxtı olmuşdur. Bərdə Şəhristan və Rabad adlı iki hissədən ibarət idi. Şəhərin mərkəzi Şəhristan adlanırdı. Şəhristan qala divarları ilə əhatə olunmuşdur. Rabat adlanan hissədə sənətkarlar, tacirlər məhəllələri yerləşirdi və gəlmələr üçün karvansara vardı. Bərdədə dulusçular, şüşəüfürənlər, daşyonanlar, dabbaqlar, toxucular məhəlləsi və başqa məhəllələr olmuşdur. Şəhərin yaxınlığındakı indi Qaradəmirçilər adlanan kəndə vaxtilə Dəmiçilər məhhəlləsi deyilirdi, Şirvanlılar məhəlləsində isə Şirvandan gəlmə sakinlər yaşayırdı. Bərdə əhalisinin əksəriyyəti sənətkarlar idi. Onlar dülüsçuluq və şüşəüfürə. Xalçaçılıq, metal və ağac emalı, parça emalı ilə məşğul olurdular. Bundan əlavə Bərdə əhalisi taxılçılıq, çəltikçilik, ipəkçilik, bağçılıq və bostançılıqda da məşğul olurdu. Bərdədə gözəl, əlvan parçalar toxunur, xalçalar, silahlar, əmək alətləri, gözəl keramik qablar, müxtəlif metallardan bəzək əşyaları, qəşəng şüşə badələri, kuzələr, piyalələr və başqa məmulatlar hazırlayırdılar. Dahi şair Nizami Gəncəvi özünün «İsgəndərnamə» poemasında Bərdəni tərənnüm etmişdir. Bərdə özünün çox əsrlik tarixi ərzində dəfələrlə basqınlara və dağıntılara məruz qalmışdır. 1736-cı ildə İran şahı Nadir Bərdəni tamam viran etmiş, XIX əsrin II yarısında isə bu şəhər cəmi 200-300 nəfər əhalisi olan kiçik bir kəndə çevrilmişdi. Bu şəhərdə eramızdan əvvəl II minillikdən başlamış son orta əsrlərə qədər geniş bir dövrü əhatə edən çoxlu maddi mədəniyyət əşyalarının qalıqları tapılmışdır, qədim abidələr qorunub saxlanmışdır. «Axsadan Baba» (XIV əsr), «Güloğlular» türbələri, tanınmış alim Bəhmən Mirzə türbəsi, usta Əhməd Əyyub oğlu əl-Hafizin tikdiyi çoxüzlü məqbərə (1322-ci il), İbrahim məscidi (XVIII əsr), Tərtər çayı üzərində iki körpü, Şirvanlı, Uğurbəyli, Qurdlar, Mollaəhmədli və s. kəndlərdə XIX əsrə aid məscidlər, İmamzadə məqbərəsi bu abidələrdəndir. Bəzi tədqiqatçıların fikrincə, Şeyx İbrahimin dəfn edildiyi yerdə tikilmiş İmamzadə məqbərəsinin günbəz hissəsi daha əvvəl tikilmişdir. Orta əsrlərdə çiy kərpicdən tikilmiş kvadrat şəkilli qala da çox böyük maraq doğurur. Bərdə əkinçilik və heyvandarlıq məhsulları ilə ad çıxarmışdı. Orta əsrlərdə yaşamış müəlliflər bu diyarda taxıl, düyü, bostan və bağ bitkiləri, ipək üçün xammal, ev heyvanlarının qiymətli növləri barədə ağız dolusu söhbət açırlar. Bərdənin xalçaları da qədimdən məşhurdur. Burada xovlu «Aran», «Çələbi», «Buynuz», «Dəryanur», «Açma-yumma», «Balıq», «Şabalıdbuta», «Bərdə», «Xanqərvənd», həmçinin xovsuz «Şəddə», «Vərni» və «Zili» xalçaları toxunur. Harada qalmaq olar «Bərdə» mehmanxanası Tel. 5 11 30 Harada nahar etmək olar «Xan Çinar», «Sahil», «Ulduz», «Soyuq bulaq», «Sərin» Tel. 5 56 71, «Yaşıl ada» Tel. 5 65 00 restoranları qonaqlara ləzzətli yeməklər təklif edirlər.